NAMAZ

NAMAZ Qur’ani-kərimdə buyurulur: “Həqiqətən namaz insanı çirkin və pis işlərdən çəkindirir” (“Ənkəbut” surəsi, ayə:45) BISMILLAHIR-RƏHMANIR-RƏHIM Ön söz Bütün həmd və sitayişlər yalnız Ona məxsusdur. Allahın salavat və salamı olsun peyğəmbərimiz həzrət Məhəmmədə (səlləllahu ələyhi və alihi və səlləm), onun mə᾽sum, pak Əhli-beytinə və pərhizkar səhabələrinə! Islam dini insan həyatının cism və ruhunu nizamlayan həyat proqramıdır. Onun müəyyən etdiyi ibadətlər, xüsusilə də namaz elə bir əməldir ki, ona lazımınca əhəmiyyət verib yerinə yetirənlər dünya və axirət səadətinə nail olarlar. Namaz paklıq və düzgünlük məktəbidir, insanları yüksək əxlaqi səciyyələrə və uca məqamlara çatdırır. Allah-taalaya qarşı imanımızı artırır, xalq arasında bərabərlik yaradır, nəfsimizi çirkin niyyətlərdən və yaramaz şəhvətlərdən azad edir. Insanlar arasında qarşılıqlı həmkarlıq və ictimai əlaqələrin genişlənməsinə səbəb olur, ümumbəşəri hislər yaradaraq xalqa xidmət, Allah yolunda cihad və insani dəyərlərin dirçəldilməsi kimi ülvi məqsədləri gerçəkləşdirir. Namaz hər bir müsəlmanın sair ibadətlərinə, əməllərinə və gündəlik rəftarına tə᾽sir göstərərək onların hamısını yeganə bir yola doğru yönəldir. Onları haramdan çəkindirib azğınlıq, pislik və zülmkarlıqdan saxlayır, yaxşılıq, doğruluq, ədalət və ehsana doğru də᾽vət edir. Beləliklə də, müsəlman həyatı nizamlanır və cəmiyyətdə asayiş və əmin-amanlıq hakim olur. Namaz islam dininin əməli hökmləri arasında vacib edilən ilk göstəriş olduğu kimi, qəbirdə soruşulan ilk sual da hesab olunur. Namazı tərk etmək Cəhənnəmə daxil olmağın da əsas və ilk səbəblərindəndir. Qur᾽ani-kərimdə buyurulur: Cəhənnəm əhlindən soruşarlar: «Sizi Cəhənnəmə salan nədir?» Onlar deyəcəklər: «Biz namaz qılanlardan deyildik.» (Müddəssir surəsi, ayə 42-43). Elə buna görə də namaz dinin sütununa çevrilmişdir ki, o, qəbul olunsa, insanın digər əməlləri də qəbul olunar, əks təqdirdə sair əməlləri də rədd edilər. Bu mətləbi əziz oxuculara təqdim etməklə müsəlmanların yalnız namazın qaydalarını öyrənməsini deyil, həm də onların namaz qılıb onu dirçəltməsini arzu edirik. Ümid edirik ki, uzun illər öz islam qayda-qanunlarını öyrənməsi yasaq olunmuş müsəlman xalqımız müqəddəs dinimizin yenidən rövnəqləndirilməsi yolunda əzm və iradə ilə çalışsın, cahiliyyət, fəsad və küframiz təfəkkürdən uzaqlaşmaqla yanaşı, öz namazını da lazımınsa yerinə yetirsin. Allah-taaladan hamınıza hidayət və səadət arzulayırıq. Namazın həqiqəti Sual olunur: həqiqətən xalqın əksəriyyəti namazın əhəmiyyətini dərk etmir və ona görə də onun qədrini bilmir. Bə᾽zi şəxslər doğrudan da namaz haqqında çox az mə᾽lumat əldə ediblər, amma elə insanlar da vardır ki, bu haqda kifayət qədər mə᾽lumatlı olduğu halda haqqa boyun əymək istəmir, tənbəllik və səhlənkarlıq uсbatından mehriban Rəbbimizə ibadət etməkdən yayınır. Nə üçün? Çünki öz Rəbbinə asi olub Onun əmrlərinə tabe olmayan şəxslər dünya və axirətdə bədbəxt aqibətə düçar olacaqlar. Insanın batini aləmində daim iki növ çağırış və də᾽vət ona sanki istiqamət verir. Onlardan biri yaxşı işlərə, digəri isə günah və yaramaz işlərə də᾽vətdir. Mə᾽lum məsələdir ki, yaxşı işlərə və ibadətə çağırış Haqq tərəfindən, günah və çirkin işlərə də᾽vət isə şeytan tərəfindəndir. Insanın namaz qılıb-qılmaması da onun hansı növ çağırışa qulaq asmasından asılıdır. Adətən şeytan namaz qılmaq istəyən şəxslərə deyir: «Hələ tezdir, qocalanda qılarsan», «namaz qılmaq çox çətindir, sən onun öhdəsindən gələ bilməzsən», «namaz qılsan, gör nə qədər işlərdən çəkinməli olacaqsan», «namaz qılsan, sənə gülərlər», «onsuz da Allah səni bağışlamayacaq, çünki sən bu vaxta qədər çoxlu günahlar etmisən» və i.a. Şeytanın hiylə və məkrləri bundan daha çox və rəngarəngdir, gərək onlara uymayaq və Allah-taala ilə yeganə rabitə yolu olan namazdan uzaq düşməyək. Namaz bir növ maşın mühərriklərinə enerji verən yanacaq kimidir. Yanacaq olmasa maşın hərəkət edə bilərmi? Insan da belədir, namaz onun ruhuna enerji bəxş edən mə᾽nəvi qidaya bənzəyir. Insan yemək yemədikdə xəstəliyə düşüb öldüyü kimi, namazı da tərk etdikdə nəfsani xəstəliyə düçar olur və beləliklə də təfəkkür və batini aləmi ruhi böhran keçirir. Həqiqətən Allah-taala bizdən istəyir ki, namazdan faydalanmaq üçün onu dərk edək, onu təfəkkür və düşüncə ilə yerinə yetirək. Çox qəribədir ki, saatlarla, hətta bə᾽zən günlərlə vaxtını boş şeylərə sərf edən bir çox şəxslər güya namaz qılmağa vaxt tapa bilmirlər. Namaz haqqında olan bir ayə, həzrət Peyğəmbərdən (səlləllahu ələyhi və alihi və səlləm) və habelə Əli əleyhissəlamdan olan hədisə diqqət yetirməklə namaz haqqında daha dolğun mə᾽lumat əldə edə bilərsiniz. Mübarək ayə Allah-taala Qur᾽ani-kərimdə buyurmuşdur: «(Ya Məhəmməd!) Qur᾽andan sənə vəhy olunanı oxu və (lazımınca) namazı qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab e᾽tibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!» Həzrət Peyğəmbər (s.ə.v.s.)- dən Hədis Bir gün həzrət Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) müsəlmanlara buyurdu: «Qapınızın kənarından müalicə əhəmiyyətli su arxı axarsa və siz də həmən suda hər gün beş dəfə yuyunsanız, bədəninizin çirkinin yuyulub paklaşmasından sevinərsinizmi?! Müsəlmanlar dedilər: Bəli, ey Allahın elçisi! Həzrət Peyğəmbər (s) buyurdu: Gündəlik beş vaxt namaz da belədir.» Hər gün Allah qarşısında xalis niyyətlə dayanaraq qıldığımız namazlar da bizim ruhumuzu, nəfs və ağlımızı beləsə saflaşdırır. Həzrət Əmirəl-mö᾽minin Əli (ə)-dan Hədis Həzrət Əmirəl-mö᾽minin Əli əleyhissəlam buyurmuşdur: «Namaza əhəmiyyət verib onu qoruyun və çoxlu namaz qılıb onun vasitəsi ilə Allaha yaxınlaşın. Çünki namaz Allah-taala tərəfindən müəyyən vaxtlarda mö᾽minlərə vacib olmuşdur. Cəhənnəm əhlinin verəcəyi cavab haqqında eşitməmisinizmi?! Onlardan soruşarlar — hansı əməl sizi Cəhənnəmə gətirdi? Deyərlər: Biz dünyada namaz qılan deyildik. Namaz günahları ağacyarpaqları kimi yerə tökür... «Yarpaqlar töküldüyü kimi, günahları tökür» sözünün mə᾽nası yə᾽ni, payız vaxtı külək saralmış yarpaqları yerə tökdüyü kimi, namaz da sanki insan ruhunu silkələyərək günahlarını yerə tökür. Həzrət Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) namazı insanın qapısı kənarından axan su arxına bənzətmişdir ki, insan hər gün beş dəfə o suda yuyunduqda bədənində heç bir çirk qalmadığı kimi, beş vaxt qıldığı namaz da onun günahlarını aradan aparır. Namazın əhəmiyyətini elə şəxslər dərk edərlər ki, onların gözlərini dünya malının zinəti, övlad, mal və digər şeylər örtməmişdir. Allah-taala Qur᾽anda buyurur: «O kəslər ki ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz...» (Nur surəsi/37). Həzrət Peyğəmbərə (səlləllahu ələyhi və alihi və səlləm) namaz qıldıqdan sonra Behişt və᾽dəsi verildi və daha sonra buyuruldu: «Əhlinə (Əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbrlə davam et...» (Taha surəsi/132). Beləliklə də o həzrət (s) ailəsinə namaz qılmağı göstəriş verir və özü də namaz qılmaqda səbirli olurdu.» Həyatda günahsız insan tapmaq çox çətindir. Çalışmalıyıq ki, heç bir vaxt günah etməyək və əgər günah etmişiksə də, öz bağışlayan və mərhəmətli Rəbbimizdən onları əfv etməsini diləyək və namaz qılmaqla onları aradan aparıb ruh və nəfsimizi saflaşdıraq. Namazın şərtləri Namazın əsas şərtlərindən biri də namazdan qabaq təharətli olmaqdır.Təharət üç qisimdir: 1.Dəstəmaz; 2.Qüsl; 3.Təyəmmüm. Allah-taala Qur᾽ani-kərimdə buyurur: «Ey iman gətirənlər! Namaz qılmağa durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərinizə qədər (və ya dirsəkləriniz daxil olmaqla) yuyun, (yaş əlinizlə) başınıza məsh edin, ayaqlarınıza topuqlarınıza qədər məsh edin. Əgər cinsi əlaqədə olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin). Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək dirsəkləriniz də daxil olmaqla əllərinizi məsh edin). Allah sizi çətinliyə salmaq istəməz, lakin O, sizi pak, təmiz etmək və sizə olan ne᾽mətini tamamlamaq (artırmaq) istər ki, bəlkə şükr edəsiniz! » (Maidə surəsi /6).

 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol