Yerli Ədəbiyyat
Hekaye ....
Qanlı gecə, saat 23 50
"Cəhənnəm olsun, yuxudan ötrü canımı verməyə hazıram. Bu dəfə də dairəni cızım - marşurut xəttini obaşına gedib, bu başını qayıdım, vəssalam. Qayıdım kirayələdiyim evdə başımı qoyum, uyum özümçün səhərə qədər..!" - düşünüb yorğun-arğın, amma ehtiyatı əldən sürüşdürmədən şəhər mərkəzinə tərəf istiqamət götürürəm...
Dünənki yerdən gecə sevişdiyim xanım maşına daxil olur. Nə qədər yorğun olsam da, gecənin xoş xatirəsindən işimə bir istilik süzülür sanki...
O düz mənim arxamda oturur, bir əlinin barmaqlarıyla sürücü kürsüsünü sərnişinlərdən ayıran şüşənin qırağından mənim kürəyimə, belimə toxundurur. Bədənimdən bir sevgi enerjisinin axdığının fərqindəyəm. Cib telefonuma onun nömrəsindən intim bir ismarıc daxil olur:
- "Senin heraretin indiye qeder sinemi yandirir..."
Cavablandırmaq imkanım olmadığından, telefondakı ürək şəkilərdən birini ona yollayıram. Qadının armaqları mənim bədənimdə rəqs edir, canımdakı yorğunluğu bir seviş dincliyi əvəzləyirdi.
O, sanki baxışlarıyla soruşurdu: "Necəsən, bu gecənin sevişinə hazırsanmı?"
Qabaq güzgüdən onun baxışlarını oxşayıram: "Sənə sevgi bağışlamağa həmişə hazıram!!!" - düzü, özüm də bilirəm ki, ona yalan ünvanlayıram, amma nə etməli, qoy heç olmasa bu xoş yalan onun müvəqqəti xoşbəxtliyinin ömrünü uzadsın...
Maşındakı sərnişinlərin sayı barmaq hesabına gəlməz. Bir-iki yaşlı adam, polis əməkdaşı, arxada bayaqdan mazaqlaşmaqdan uymuş oğlanla qız, cavan gəlin və mənim gecəki məleykəm...
Marşurut xəttinin o başından geri dönəndə, o da məni müşahidə edirdi. Laxlaya-laxlaya gəlib metronun növbəti dayanacağına çatıram. Burada toydan gələn bir dəstə adam maşınıma doluşur. Aralarında yaşlı insanlar çoxdur.
Tanışım ayağa qalxıb, yaşlı bir kişiyə yerini təklif edir:
"Mən onsuz da qabaqda düşürəm".
Kişi dilucu etiraz etsə də, böyük məmnuniyyətlə onun yerini tutur.
Dəstəylə yanaşı üç nəfər cavan oğlan da özünü tələm-tələsik avtobusa durtuşdurur: ilk baxışdan onlar mənim gözümə çox şübhəli göründülər - cibcirlərə oxşayırdılar...
Tanışım marşurut taksisinin lap qabağında özünə yer etdi: lap mənim yanımda durmuşdu. Oğlanlardan biri az qala onu sıxışdırıb mənim üstümə salmışdı. Hirslənsəm də, naməlum oğlana bir söz deyə bilmirdim. Düzünə qalsa, bəlkə də dirsəyimlə ona dəymək imkanının verdiyi xoş duyğulara görə susmuşdum.
Bakirə gecə, saat 00 40
Qəflətən qabağıma çıxan maşına görə əyləci necə sıxdımsa, "zərbədən" özümə gəldim və ağlıma batdı ki, birdən bu cibcirəoxşayanlar qızın mobil telefonunu çırpışdırar, biabır olaram.
Dünən seviş anlarımızın bəzi parçalarını onun və özümün telefonumun yaddaşına həkk etmişdik: guya, bir-birimizdən ötrü darıxanda, baxıb sakitləşərik...
Tez-bazar onun nömrəsini yığdım. Zəng səsi bayaqkı oğlanlardan birinin cibindən eşidildi:
- Telefonun üstündədir? – tələsik tanışımdan soruşdum və tez də ayağımı əyləcin üstünə sıxdım.
Mənimlə yanaşı həmin üç oğlan da maşından bayıra atıldılar.
…Qaranlıqda onlarla tutuşmağın heç bir mənası yox idi: güclər bərabərliyi cibcirlərin xeyrinəydi.
İnsafən, onlar yalvarışlı səslə xahiş etdilər:
- Qaqaş, olana fikir vermə, al telefonu, səs-küysüz aralaşaq.
Mənsə tərsliyimə saldım, əl-qol atmağa başladım. Tərslikdən sərnişinlərdən bir kimsə mənə havar çıxmadı, onları da qınamaq olmur, pis zəmanədir, hamı öz canının hayındadır...
Belimə sancılan bıçaq yorğun canımdakı bütün taqəti bədənimdən alıb-apardı.
Tanış gəlin artıq başımın üstündə durub üz-gözünü cırırdı:
"Bıçaqladılar, ilahi, onu vurdular..."
Son, saat .. ..
Mənim beynimdəsə, bütün ağrılara baxmayaraq, elə hey bircə fikir fırlanırdı:
"Heç olmasa, yarım ay xəstəxanada canım rahat dincələr..."